Sümük iliyi köçürülməsi nədir?
İlik köçürülməsi əməliyyatı qan hüceyrələrini özündə saxlayan sümük iliyinin xəstəlik, infeksiya, kimyaterapiya və ya digər səbəblərdən zədələndiyi, yaxud kifayət qədər qan hüceyrəsi yarada bilmədiyi hallarda tətbiq olunan müalicə üsuludur. Sümük iliyi sümüklərin daxilində yerləşən, yumşaq və süngərəbənzər toxumadır. Bu toxuma eritrositlər (qırmızı qan hüceyrələri), leykositlər (ağ qan hüceyrələri) və trombositlər daxil olmaqla, qan hüceyrələrinin böyük hissəsini yaradır və ehtiyatda saxlayır. Qan hüceyrələri orqanizmdə oksigen və qida maddələrinin daşınmasında, infeksiyalara qarşı mübarizədə və qanaxmanın qarşısının alınmasında mühüm rol oynayır.
Sümük iliyi eyni zamanda hematopoetik kök hüceyrələr adlanan, hələ tam yetişməmiş qan hüceyrələrini də ehtiva edir. Bu hüceyrələr öz-özünü yeniləmək və fərqlənərək müxtəlif qan hüceyrələrinə çevrilmək qabiliyyətinə malikdir. Həmin kök hüceyrələr yalnız sümük iliyindən deyil, həmçinin göbək ciyəsi qanı və periferik qan kimi digər mənbələrdən də əldə oluna bilər.
Sümük iliyi transplanstasiyası sümük iliyindən və ya alternativ mənbələrdən götürülən kök hüceyrələrin xəstənin orqanizminə köçürülməsi prosesidir. Bu üsul sümük iliyinin zədələndiyi və ya normal səviyyədə qan hüceyrəsi istehsal edə bilmədiyi vəziyyətlərdə tətbiq olunur. Belə hallar leykoz kimi bəzi xərçəng növləri, aplastik anemiya kimi sümük iliyi çatışmazlığı sindromları, talassemiya kimi qan xəstəlikləri və ya kimyaterapiya müalicəsinin yan təsirləri nəticəsində yarana bilər.
İlik nəqlinin məqsədi sümük iliyindəki sağlam olmayan hüceyrələri məhv edərək onların yerinə sağlam hüceyrələrin yerləşdirilməsidir. Bunun sayəsində orqanizm yenidən kifayət qədər qan hüceyrəsi istehsal edə bilir və normal fəaliyyətini davam etdirir. Eyni zamanda bu müalicə üsulu bədəndə qalmış xərçəng hüceyrələrini tanıyıb məhv edə bilən yeni bir immun sisteminin formalaşmasına da kömək edə bilər.
Sümük iliyi nəqli necə həyata keçirilir?
İlik transplantasiyasının həyata keçirilə bilməsi üçün xəstə ilə donor arasında toxuma uyğunluğu olmalıdır. Toxuma uyğunluğu dedikdə, xəstə və donorun qan hüceyrələrinin səthində yerləşən antigenlərin bir-birinə bənzər olması nəzərdə tutulur. Antigenlər immun sisteminin orqanizm üçün yad olan maddələri tanımasına kömək edən molekullardır. Uyğunluğun yüksək olması xəstənin orqanizminin donor hüceyrələrini rədd etməsi riskini azaldır.
Toxuma uyğunluğu HLA testi vasitəsilə müəyyən edilir. Bu test zamanı xəstə və donorun qan nümunələri laboratoriyada analiz olunur. HLA analizi hər iki tərəfin HLA tipinin təyin edilməsinə imkan verir. HLA tipi insanın qan hüceyrələrində mövcud olan HLA antigenlərinin kombinasiyasıdır. Bu xüsusiyyət genetik olaraq formalaşır və fərdlər arasında dəyişir. HLA tiplərinin uyğunluğu donorla xəstənin nə dərəcədə uyğun olduğunu göstərir.
İlik köçürülməsi üçün ən uyğun donor adətən xəstənin bacı-qardaşı və ya yaxın qohumu hesab olunur. Lakin bu vəziyyət həmişə uyğun olmaya bilər. Belə hallarda uyğun qohum olmayan donor tapmaq üçün milli və ya beynəlxalq məlumat bazalarından istifadə edilir. Bu bazalarda könüllü donorların HLA tipləri qeyd olunur. Xəstənin HLA tipi ilə uyğun donor aşkar edildikdə, ondan kök hüceyrələrin götürülməsi üçün razılıq alınır.
Donordan kök hüceyrələrin əldə edilməsi əsasən iki üsulla həyata keçirilir:
- Sümük iliyi aspirasiyası: Bu üsulda donorun adətən bud sümüyündən (bəzən döş sümüyündən) nazik iynə vasitəsilə sümük iliyi götürülür. Prosedur ümumi və ya yerli anesteziya ilə icra olunur. Alınan sümük iliyi sonradan xəstəyə köçürülmək üçün xüsusi şəraitdə saxlanılır.
- Periferik qan kök hüceyrələrinin toplanması: Bu metod zamanı donor bir neçə gün ərzində kök hüceyrələrin sümük iliyindən qana keçməsini stimullaşdıran dərman qəbul edir. Daha sonra donorun qanı iynə vasitəsilə xüsusi aparata yönləndirilir. Aparat qandan kök hüceyrələri ayırır, qalan qan isə yenidən donora qaytarılır. Proses təxminən 4 saat davam edir. Toplanan kök hüceyrələr xəstəyə köçürülmək üçün saxlanılır.
Kök hüceyrələrin xəstəyə köçürülməsi adi qan köçürülməsinə bənzər şəkildə aparılır. Xəstənin damarına yerləşdirilən kateter vasitəsilə donordan alınan kök hüceyrələr orqanizmə ötürülür. Bu mərhələ təxminən 1–2 saat çəkir. Kök hüceyrələr sümük iliyinə çatdıqdan sonra yeni qan hüceyrələrinin istehsalına başlayır. Bu mərhələ engraftman adlanır. Engraftmanın tam başa çatması adətən 10–28 gün ərzində baş verir. İlkin əlamət kimi ağ qan hüceyrələrinin sayının artması müşahidə olunur ki, bu da köçürülmənin uğurla nəticələndiyini göstərir.
Sümük iliyi transplantasiyasının növləri
İlik nəqli xəstə ilə donor arasında olan toxuma uyğunluğuna əsasən iki əsas növə ayrılır. Bu növlər aşağıdakılardır:
- Otoloji kök hüceyrə köçürülməsi: Bu üsulda xəstənin öz kök hüceyrələrindən istifadə olunur. Əgər xəstəliyin özü və ya tətbiq edilən müalicə nəticəsində kök hüceyrələr zədələnməyibsə, onlar sümük iliyindən, göbək ciyəsi qanından və ya periferik qandan toplanır və dondurularaq saxlanılır. Daha sonra xəstənin sümük iliyi yüksək dozalı kimyaterapiya və ya radioterapiya vasitəsilə məhv edilir. Bu mərhələnin məqsədi orqanizmdə mövcud olan xərçəng hüceyrələrini aradan qaldırmaqdır. Müalicə başa çatdıqdan sonra xəstənin öz kök hüceyrələri yenidən orqanizmə köçürülür. Bu metodda toxuma uyğunluğu problemi olmadığı üçün bədənin hüceyrələri rədd etmə riski yaranmır.
- Allogenik kök hüceyrə köçürülməsi: Bu üsulda xəstə üçün uyğun hesab edilən donorun kök hüceyrələri istifadə olunur. Donor xəstənin bacı-qardaşı, qohumu və ya donor məlumat bazasında qeydiyyatda olan könüllü şəxs ola bilər. Donordan əldə edilən kök hüceyrələr xəstənin orqanizminə köçürülür. Allogenik ilik köçürülməsi bədəndə qalmış xərçəng hüceyrələrini tanıyaraq məhv edə bilən yeni bir immun sisteminin formalaşmasına imkan yaradır. Lakin bu metod donor hüceyrələrinin xəstənin orqanizmi tərəfindən qəbul edilməməsi və ya donor hüceyrələrinin xəstənin toxumalarına hücum etməsi kimi bəzi ağırlaşma risklərini də daşıyır.
Sümük iliyi transplantasiyasından sonrakı dövr
Yeni kök hüceyrələr orqanizmə daxil olduqdan sonra qan dövranı vasitəsilə sümük iliyinə doğru hərəkət edir. Burada yerləşdikdən sonra tədricən çoxalaraq sağlam və funksional qan hüceyrələrinin istehsalına başlayırlar. Qandakı hüceyrə sayının normal səviyyəyə çatması adətən bir neçə həftə vaxt aparır, lakin bəzi xəstələrdə bu proses daha uzun çəkə bilər.
Sümük iliyi köçürülməsindən sonrakı günlərdə və həftələrdə xəstənin vəziyyətinin diqqətlə izlənməsi olduqca vacibdir. Bu məqsədlə müxtəlif qan analizləri və əlavə müayinələr aparıla bilər. Bu dövrdə ürəkbulanma, ishal kimi yan təsirlər müşahidə oluna bilər və onların aradan qaldırılması üçün müvafiq dərman müalicəsinə ehtiyac yarana bilər.
Köçürülmədən sonra xəstənin mütləq yaxın tibbi nəzarət altında olması tövsiyə edilir. Əgər infeksiya və ya digər ağırlaşmalar baş verərsə, xəstəxanada bir neçə gün, bəzən isə daha uzun müddət qalmaq lazım gələ bilər. Sümük iliyi sağlam qan hüceyrələrini kifayət qədər istehsal etməyə başlayana qədər xəstəyə mütəmadi olaraq eritrosit və trombosit transfuziyalar tətbiq oluna bilər.
Köçürülmədən aylar, hətta illər keçdikdən sonra belə, xəstələr infeksiya və digər gec ağırlaşmalar baxımından yüksək risk qrupunda qala bilərlər. Bu səbəbdən mümkün gec fəsadların vaxtında aşkarlanması üçün ömürboyu dövri həkim nəzarəti və planlı müayinələr tövsiyə olunur.
* Bu səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün həkiminizlə məsləhətləşin. Bu səhifənin məzmununa Liv Hospitalda tibbi sağlamlıq xidməti haqqında məlumat daxil deyil .