Appendisit əlamətləri

Son yeniləmə tarixi: 19.12.2025 09:42:50

Appendisit nədir?

Appendisit appendiks adlanan orqanın iltihablaşmasıdır. Adətən qarının aşağı hissəsində qəfil başlayan və davamlı olmayan kəskin ağrı ilə özünü göstərir. Appendiks təxminən bir barmaq ölçüsündə, boru formasında kiçik bir kisəcikdir və yoğun bağırsağın sağ aşağı hissəsində yerləşir. Yoğun bağırsaqda hərəkət edən nəcis kütləsi bəzən appendiksin ağzını tıxaya və ya orada infeksiyaya səbəb ola bilər. Bu da appendiksin iltihablaşmasına, yəni appendisitə gətirib çıxarır. İltihab nəticəsində appendiks şişir və vaxtında müdaxilə olunmazsa, partlaya bilər.
Appendiksin partlaması təcili tibbi vəziyyət hesab olunur və dərhal müdaxilə tələb edir. Bu zaman bağırsaqlarda olan bakteriyalar qarın boşluğuna yayılır və qarın boşluğunu örtən qişanın infeksiyasına səbəb olur. Bu vəziyyət peritonit adlanır. Peritonit daha sonra qana keçərək həyati təhlükə yaradan ağır fəsadlara, o cümlədən sistemik problem olan sepsisə yol aça bilər. Məhz bu risklərə görə appendisitin standart müalicə üsulu appendiksin cərrahi yolla çıxarılmasıdır. Bu əməliyyat appendektomiya adlanır. Appendiks həyati əhəmiyyət daşıyan bir orqan olmadığı üçün, əməliyyatdan sonra xəstənin gündəlik həyatında ciddi dəyişikliklər baş vermir.

Appendisit simptomları nələrdir?

Appendisit hallarında qarın ağrısı əvvəlcə qarının mərkəzində, göbək ətrafında başlayır. Bu ağrı bir neçə saat davam edə bilər. Saatlar keçdikcə ağrı şiddətlənir, sonra ürəkbulanma halları da başlaya bilər. Bir müddət sonra ürəkbulanma azalsa da, ağrı appendiksin yerləşdiyi sağ aşağı qarın nahiyəsinə doğru keçir. Zamanla ağrı daha dəqiq bir nöqtədə hiss olunur və getdikcə güclənir. Appendisitin klassik klinik əlamətləri əsasən bu şəkildə özünü göstərir.
Bununla yanaşı, appendisit yuxarıda qeyd olunanlardan əlavə başqa əlamətlərlə də müşahidə oluna bilər. Bəzi hallarda sonradan müxtəlif əlavə simptomlar ortaya çıxa bilər. Ən çox rast gəlinən əlamətlər bunlardır:

  • Qızdırma: Bəzi insanlarda bədən temperaturu yüksəlir. Bu, immun sisteminin infeksiya ilə mübarizə apardığını göstərə bilər. Eyni zamanda iltihabın şiddətləndiyini və ya infeksiyanın yayıldığını da ifadə edə bilər.
  • Halsızlıq: Xəstə ümumi olaraq özünü yaxşı hiss etmir, enerjisi və motivasiyası azalır. Adi bir soyuqdəymədə olduğu kimi yorğun olur.
  • Qarında köp və şişkinlik: Xəstə qarın nahiyəsində şişkinlik hiss edə bilər. Bu əlamət adətən appendisit irəlilədikdə ortaya çıxır və appendiksin partlamasına işarə edən əlamətlərdən biri sayılır.
  • Sidiklə bağlı şikayətlər: Xəstə daha tez-tez və ya təcili şəkildə sidiyə çıxma ehtiyacı hiss edə bilər. Bu hal appendiks sidik kisəsinə yaxın sinirləri qıcıqlandırdıqda meydana çıxa bilər.
  • Bağırsaq fəaliyyətinin zəifləməsi: Appendiksə gedən qan axını artdıqda, bağırsaqların hərəkəti müvəqqəti olaraq ləngiyə və qəbizlik yarana bilər.
    İshal: Bəzi hallarda appendiksdəki iltihab yoğun bağırsağın yaxın hissəsini qıcıqlandıra bilər. Bu zaman bağırsaqlar daha aktiv olur və xəstə tez-tez tualetə getməyə başlayır.

Appendisitdən şübhələndikdə ən yaxın təcili tibbi yardıma müraciət etmək tövsiyə olunur. Göstərilən əlamətlər bu vəziyyətlərdə size xəbərdar edə bilər, lakin appendisit hər zaman eyni simptomlarla üzə çıxmaya bilər. Kişi və qadınlarda əlamətlər əsasən oxşar olsa da, uşaqlarda appendisit fərqli şəkildə özünü göstərə bildiyi üçün şübhə yarandıqda mütləq həkim müayinəsi daha doğru yanaşma hesab olunur.

Appendisitin yaranma səbəbləri

Appendisit əsasən appendiksin tıxanması nəticəsində meydana çıxır. Lakin bu tıxanmanın dəqiq səbəbi hər zaman aydın olmur. Əksər hallarda yoğun bağırsaqda olan nəcis, yad cisimlər və ya nadirən şişlər appendiksin ağzını bağlaya bilər. Bu cür tıxanıqlıq appendiksdə iltihabın yaranmasına səbəb olur. Bundan əlavə, orqanizmdə baş verən müxtəlif infeksiyalar da appendiksin şişməsinə yol aça bilər. Yəni appendiks bədənin infeksiyaya verdiyi reaksiya nəticəsində böyüyə və tıxana bilər. Hətta sadə bir yuxarı tənəffüs yolu infeksiyası belə dolayısı ilə appendisitə zəmin yarada bilər.
Əgər tıxanıqlıq iltihab və şişkinliklə nəticələnərsə, appendiksin daxilində təzyiq artır. Bu təzyiq zamanla appendiksin partlamasına səbəb ola və ciddi fəsadlar yarada bilər.
Appendisitin yaranma mexanizmi tam şəkildə izah olunmadığı üçün, onu tamamilə qarşısını almaq üçün də konkret və dəqiq bir üsul mövcud deyil. Bu səbəbdən əlamətlərə diqqət yetirmək və şübhə yarandıqda vaxtında həkimə müraciət etmək böyük əhəmiyyət daşıyır.

Appendisit diaqnozu necə qoyulur?

Həkim appendisitdən şübhələndikdə, ilk növbədə xəstədə rast gəlinən tipik əlamətləri qiymətləndirir və bunu fiziki müayinə vasitəsilə aparır. Ən önəmli göstəricilərdən biri ağrının yeridir. Ağrı əvvəlcə göbək ətrafında başlayıb daha sonra qarının sağ aşağı hissəsinə doğru keçirsə, bu həkim üçün mühüm ipucu sayılır. Lakin hər xəstədə ağrı eyni formada özünü göstərmədiyi üçün müayinə zamanı bir sıra xüsusi əlamətlər yoxlanılır:

  • McBurney əlaməti: Appendisit şübhəsində ilk baxılan nöqtələrdən biridir. Həkim bu nahiyədə həssaslıq olub-olmadığını yoxlayır. Bunun üçün sağ ombanın ön hissəsindəki sümük çıxıntısından (spina iliaca anterior superior) göbək istiqamətində xətt çəkilir. Bu xəttin göbəkdən təxminən üçdə iki hissəsində yerləşən nöqtə McBurney nöqtəsi hesab olunur.
  • Blumberg əlaməti: Həkim ağrılı nahiyəyə təzyiq göstərir. Əlini qəfil çəkdikdə ağrının artması bu əlamət kimi qiymətləndirilir. Buna rebound əlaməti də deyilir və daha çox kişi xəstələrdə müşahidə olunur.
  • Dunphy əlaməti: Xəstə öskürəndə qarın ağrısı güclənirsə, bu əlamət dunphy sayılır.
  • Rovsing əlaməti: Qarının sol aşağı hissəsinə edilən təzyiqin sağ aşağı nahiyədə ağrı yaratması Rovsing əlaməti kimi dəyərləndirilir.
  • Psoas sindromu: Bəzi hallarda appendiks yoğun bağırsağın arxa hissəsində yerləşə bilər və bu zaman psoas adlı əzələni qıcıqlandıra bilər. Xəstə ağrını azaltmaq üçün sağ ombasını dartmağa meyilli ola bilər. Müayinə zamanı həkim ombanı çölə doğru hərəkət etdirdikdə ağrı yaranarsa, bu psoas əlaməti adlanır. Əgər ombanın içəri doğru hərəkəti ağrı verirsə, buna obturator əlaməti deyilir.

Fiziki müayinədən əlavə olaraq həkim xəstənin anamnezini yəni sağlamlıq tarixçəsini öyrənir və əlavə müayinələr təyin edə bilər. Ən çox istifadə olunan testlər bunlardır:

  • Qan analizləri: Xüsusilə ağ qan hüceyrələrinin sayına baxılaraq orqanizmdə infeksiya əlamətləri qiymətləndirilir.
  • Qarın boşluğunun ultrasəs müayinəsi: Daxili orqanların görüntülənməsi və qan axınının dəyərləndirilməsi üçün istifadə olunur.
  • KT (kompüter tomoqrafiyası): Sümük, əzələ, yağ və yumşaq toxumaların detallı görüntüsünü verir və diaqnozun dəqiqləşdirilməsinə kömək edir.
  • MRT (maqnit-rezonans tomoqrafiya): Rentgen şüaları istifadə etmədiyi üçün xüsusilə hamilə qadınlarda və uşaqlarda appendisit diaqnozunda üstünlük verilə bilər.

Appendisit diaqnozu yalnız ixtisaslı həkim tərəfindən qoyula bilər. Bu səbəbdən appendisitdən şübhələndikdə, vaxt itirmədən ən yaxın tibb müəssisəsinə müraciət etmək ən doğru yanaşmadır.

Appendisitin müalicə üsulu

Appendisit təcili tibbi vəziyyət sayılır. Yəni appendisit diaqnozu qoyulmuş xəstədə appendiksin dərhal çıxarılması vacibdir. Bu əməliyyata appendektomiya deyilir və çox yayılmış cərrahi müdaxilədir.
Ən çox tətbiq olunan üsul laparoskopik əməliyyatdır, yəni qarında böyük kəsiklər açmaq əvəzinə, bir neçə kiçik dəlikdən xüsusi cərrahi alətlər vasitəsilə əməliyyat həyata keçirilir. Laparoskopik appendektomiyadan sonra tam sağalma adətən bir neçə həftə ərzində baş verir.

Məlumat əldə etmək üçün bizimlə əlaqə saxlayın!
Bütün Xəstəxanalar Chevron Down

Təqdim etmək