Hepatit B Xəstəliyi
Son yeniləmə tarixi: 19.09.2026 10:14:07
.webp)
Hepatit B Nədir?
Hepatit B qaraciyər toxumalarında iltihab yaranmasına səbəb olan virus infeksiyasıdır. Xəstəliyə hepatit B virusu (HBV) səbəb olur və virus qan vasitəsilə, cinsi əlaqə zamanı, həmçinin anadan körpəyə keçə bilər. Hepatit B uzun müddət heç bir əlamət vermədən, yəni səssiz şəkildə inkişaf edə bildiyi üçün insan xəstəliyə yoluxduğunu uzun müddət fərq etməyə bilər. İnfeksiya kəskin və xroniki formada müşahidə oluna bilər. Hepatit B-nin erkən mərhələdə aşkarlanması və müalicəyə başlanılması xəstəliyin nəzarətdə saxlanılmasına və daha ciddi sağlamlıq problemlərinin qarşısının alınmasına kömək edir.
Hepatit B əsasən qaraciyəri zədələyən və ağır hallarda qaraciyər çatışmazlığına səbəb ola bilən virus infeksiyasıdır. HİV isə immun sistemini hədəf alaraq orqanizmin xəstəliklərə qarşı müqavimətini zəiflədən virusdur. Hepatit B virusunun qaraciyərdə yaratdığı zədələnmə və iltihabi proses qanda QQT fermentinin səviyyəsinin yüksəlməsinə səbəb ola bilər.
Hepatit B Xəstəliyinin Əlamətləri Necə Olur?
Hepatit B-nin əlamətləri infeksiyanın mərhələsindən asılı olaraq fərqlənə bilər. Bəzi insanlarda isə xəstəliyin heç bir əlaməti müşahidə olunmaya bilər.
Kəskin hepatit B-nin əlamətləri:
- Yorğunluq və halsızlıq
- İştahsızlıq
- Ürəkbulanma
- Qarın ağrısı
- Sarılıq
- Sidiyin tünd rəngdə alması
- Nəcisin açıq rəngdə olması
- Əzələ və oynaq ağrıları
- Yüngül qızdırma
- Dəridə qaşınma
Xroniki hepatit B-nin əlamətləri:
Xroniki hepatit B infeksiyası olan insanların əksəriyyətində uzun illər ərzində nəzərəçarpan simptomlar meydana çıxmaya bilər. Lakin zaman keçdikcə bu xəstəlik daha ciddi fəsadlara səbəb ola bilər. Bunlara aşağıdakılar daxildir:
- Sirroz
- Qaraciyər xərçəngi
- Qarın boşluğunda maye toplanması nəticəsində qarında şişkinlik
- Ayaq və topuqlarda şişkinlik
- Asanlıqla göyərmə və qanaxmaların yaranması
- Şüurda qarışıqlıq və idrak funksiyalarının pozulması
- Sarılıq
- Yorğunluq və halsızlıq
Xüsusilə infeksiyanın kəskin mərhələsində bəzi insanlarda heç bir əlamətin müşahidə olunmaması vacib məqamdır. Məhz buna görə hepatit B çox vaxt “səssiz infeksiya” adlandırılır. Hepatit B infeksiyasından şübhələnirsinizsə və ya yoluxma riskiniz varsa, düzgün diaqnozun qoyulması və müvafiq müalicə taktikasının müəyyənləşdirilməsi üçün dərhal həkimə müraciət etmək çox vacibdir.
Hepatit B Nədən Yaranır?
Hepatit B virusu müxtəlif yollarla insandan insana keçə bilər. Əsas yoluxma yolları aşağıdakılardır:
- Qan və bədən mayeləri: Hepatit B-nin ən geniş yayılmış yoluxma yollarından biri infeksiyaya yoluxmuş şəxsin qanı və ya bədən mayeləri ilə təmasdır. İstifadə olunmuş iynələrin ortaq paylaşılması və ya tibbi alətlərin yoluxmuş qanla təmasda olması virusun ötürülməsinə səbəb ola bilər.
- Cinsi əlaqə: Hepatit B cinsi əlaqə yolu ilə də yayıla bilər. Yoluxmuş şəxslə qorunmadan cinsi əlaqədə olmaq virusun ötürülmə riskini artırır.
- Anadan körpəyə keçmə: Hepatit B virusu hamiləlik dövründə və ya doğuş zamanı anadan körpəyə keçə bilər. Bu səbəbdən hamiləlikdən əvvəl tibbi müayinədən keçmək və zəruri hallarda müalicə almaq mühüm əhəmiyyət daşıyır.
- Yoluxmuş tibbi alət və şəxsi əşyaların ortaq istifadəsi: Yoluxmuş şəxsin istifadə etdiyi tibbi alətlərin, yaxud şəxsi gigiyena vasitələrinin ortaq paylaşılması zamanı virus ötürülə bilər.
- Gigiyena qaydalarına əməl edilməməsi: Təmizlik və gigiyena qaydalarına riayət olunmadıqda yoluxmuş qan və ya bədən mayeləri ilə təmas nəticəsində virusun ötürülməsi mümkündür.
Hepatit B Risk Qrupları
Bəzi insanlar hepatit B virusuna yoluxma baxımından daha yüksək risk qrupuna daxil olurlar. Bunlara aşağıdakılar aiddir:
- Yoluxmuş şəxslərlə təmasda olanlar
- Səhiyyə işçiləri
- Xəstələrə qulluq edən şəxslər
- Qan köçürülən şəxslər
Hepatit B Nələrə Səbəb Ola Bilər?
Hepatit B infeksiyası bəzi hallarda ciddi sağlamlıq problemlərinə və ağır fəsadlara səbəb ola bilər. Xüsusilə xroniki infeksiya uzun müddət davam etdikdə qaraciyərdə əhəmiyyətli zədələnmələr yarana bilər. Mümkün fəsadlara aşağıdakılar daxildir:
- Qaraciyər zədələnməsi və sirroz: Xroniki hepatit B infeksiyası irəlilədikdə qaraciyər toxumasında ciddi zədələnmə yarana bilər. Zamanla bu proses sirroza gətirib çıxara bilər. Sirroz qaraciyər toxumasının qalıcı şəkildə çapıqlaşması və nəticədə orqanın normal funksiyalarını itirməsi ilə xarakterizə olunur.
- Qaraciyər xərçəngi: Xroniki hepatit B qaraciyər xərçənginin inkişafı riskini artıra bilər. İnfeksiyanın qaraciyər hüceyrələrində yaratdığı dəyişikliklər xərçəngin yaranma ehtimalını yüksəldə bilər.
- Qaraciyər çatışmazlığı: Uzun müddət davam edən və ağırlaşan hepatit B infeksiyası qaraciyər çatışmazlığına səbəb ola bilər.
- İmmun sisteminin zəifləməsi: Hepatit B infeksiyası immun sisteminə təsir göstərə bilər. Bu vəziyyət orqanizmin digər infeksiyalar və xəstəliklərlə mübarizə qabiliyyətini zəiflədə bilər.
- Ensefalopatiya: Qaraciyərin zədələnməsi irəlilədikcə orqanizmdə toksik maddələr toplana və nəticədə beyin funksiyalarının pozulmasına səbəb ola bilər. Bu vəziyyət hepatik ensefalopatiya adlanır.
Hepatit B Analizləri Hansılardır?
Hepatit B-nin diaqnostikası zamanı müxtəlif laborator müayinələrdən istifadə olunur. Əsas analizlər aşağıdakılardır:
- Hepatit B səthi antigeni (HBsAg) testi: Pasiyentdə aktiv hepatit B infeksiyasının olub-olmadığını müəyyən etmək üçün aparılır.
- Hepatit B nüvə antigeninə qarşı anticisim (Anti-HBc) testi: Orqanizmin hepatit B virusuna qarşı yaratdığı immun cavabı qiymətləndirmək məqsədilə istifadə olunur. Test nəticəsinin müsbət olması şəxsin əvvəllər virusla yoluxduğunu və ya hepatit B daşıyıcısı ola biləcəyini göstərə bilər. Anası hepatit B infeksiyası olan körpələrdə də Anti-HBc testi müsbət nəticə verə bilər.
- Hepatit B səthi antigeninə qarşı anticisim (Anti-HBs) testi: İnsanın hepatit B-yə qarşı immunitetinin olub-olmadığını müəyyənləşdirmək üçün aparılır. Nəticənin müsbət olması şəxsin hepatit B-yə qarşı immunitetə malik olduğunu göstərir.
- Hepatit B e antigeni (HBeAg) testi: Aktiv infeksiyanın yoluxduruculuq səviyyəsini qiymətləndirmək üçün istifadə olunur. Müsbət nəticə infeksiyanın yoluxdurucu mərhələdə olduğunu göstərə bilər.
- Hepatit B e antigeninə qarşı anticisim (Anti-HBe) testi: Xəstəliyin gedişatını izləmək və infeksiyanın dinamikasını qiymətləndirmək məqsədilə aparılır.
- Qaraciyər funksional testləri: Qaraciyərin fəaliyyətini qiymətləndirmək üçün həyata keçirilir. ALT və AST kimi qaraciyər fermentlərinin səviyyəsində müşahidə olunan anormal yüksəlmələr hepatit də daxil olmaqla müəyyən qaraciyər xəstəliklərinin mövcudluğuna işarə edə bilər.
Yuxarıda qeyd olunan müayinələrdən əlavə, diaqnostik proses zamanı həkim zəruri hesab etdiyi halda qaraciyərin ultrasəs müayinəsi və qaraciyər biopsiyası kimi əlavə müayinələr də təyin edə bilər.
.webp)
Hepatit B Müalicəsi Necə Aparılır?
Hepatit B infeksiyasının müalicəsi xəstəliyin formasından və ağırlıq dərəcəsindən asılı olaraq fərqlənə bilər. Bu xəstəliyin müalicəsində tətbiq olunan əsas yanaşmalar aşağıdakılardır:
- Həkim nəzarəti: Bəzi insanlarda hepatit B infeksiyası yüngül keçir və xüsusi müalicəyə ehtiyac olmaya bilər. Buna baxmayaraq, xəstəliyin gedişatını izləmək və lazım gəldikdə vaxtında müalicəyə başlamaq üçün mütəmadi olaraq həkim nəzarətində olmaq vacibdir.
- Antiviral preparatlar: Xroniki hepatit B olan pasiyentlərə antiviral preparatlar təyin edilə bilər. Bu dərmanlar virusun çoxalmasını və qaraciyərdə yaranan zədələnməni azaltmağa kömək edə bilər. İstifadə olunacaq preparatın seçimi və dozası pasiyentin vəziyyətindən asılı olaraq həkim tərəfindən müəyyən edilir.
- İmmunoqlobulin müalicəsi: Yenidoğulmuş körpələrdə hepatit B infeksiyasının qarşısını almaq məqsədilə doğuşdan dərhal sonra immunoqlobulin iynəsi tətbiq oluna bilər. Bu yanaşma xüsusilə ananın hepatit B daşıyıcısı olduğu və ya infeksiyaya yoluxduğu məlum olduğu hallarda tövsiyə edilə bilər.
- Qaraciyər transplantasiyası: Xroniki hepatit B infeksiyası irəlilədikdə və qaraciyər zədələnməsi ağır həddə çatdıqda qaraciyər transplantasiyası nəzərdən keçirilə bilər. Bu, qaraciyərin funksiyasının bərpası üçün tətbiq olunan müalicə seçimlərindən biridir.