Backrgound Image
Home Icon
Arrow
Arrow
Kimyaterapiya Necə Aparılır?

Kimyaterapiya Necə Aparılır?

Calendar Icon
25 iyun 2026
Məqalənin məzmunu
  • Kimyaterapiya Nədir?
  • Kimyaterapiya Niyə İstifadə Olunur?
  • Kimyaterapiya Necə Aparılır?
  • Kimyaterapiya Neçə Müddət Davam Edir?
  • Kimyaterapiya Dərmanları Hansılardır?
  • Kimyaterapiyanın Yan Təsirləri Nələrdir?
  • Kimyaterapiyadan Sonra Diqqət Olunmalı Məqamlar
Copy Icon
Twitter Icon
Facebook Icon
Lınkedin Icon

kimyaterapiya

Kimyaterapiya Nədir?

Kimyaterapiya xərçəng hüceyrələrini məhv etmək, onların çoxalmasını dayandırmaq məqsədilə tətbiq olunan dərman müalicəsidir. Bu müalicə zamanı preparatlar damar daxilinə və ya birbaşa xəstəliyin yerləşdiyi nahiyəyə verilə bilər. Əsas məqsəd xərçəng hüceyrələrinin böyüməsinin qarşısını almaq, onların orqanizmdə yayılmasını məhdudlaşdırmaq və xəstəliyi nəzarət altına almaqdır.
Kimyaterapiya sürətlə bölünən xərçəng hüceyrələrini hədəf alır. Müalicə nəticəsində şişin ölçüsü kiçilə, xəstəliyin yayılması ləngidilə və ya tamamilə dayandırıla bilər. Bundan əlavə, kimyaterapiya cərrahi əməliyyat, radioterapiya, immunoterapiya və hormon terapiyası kimi digər müalicə üsullarının effektivliyinin artırılmasında da mühüm rol oynayır.

 

Kimyaterapiya Niyə İstifadə Olunur?

Kimyaterapiyanın tətbiq məqsədi xərçəngin növündən və xəstəliyin mərhələsindən asılı olaraq dəyişə bilər. Müalicə aşağıdakı məqsədlərlə həyata keçirilə bilər:

  • Əməliyyatdan əvvəl şişin ölçüsünü kiçiltmək
  • Əməliyyatdan sonra qalmış xərçəng hüceyrələrini məhv etmək
  • Metastazların yayılmasını nəzarət altına almaq
  • Xəstəliyin yaratdığı əlamətləri və ağrıları azaltmaq

Müalicə planı onkoloq tərəfindən müəyyən edilərək hər bir xəstə üçün fərdi şəkildə hazırlanır.

 

Kimyaterapiya Necə Aparılır?

Kimyaterapiyanın tətbiq üsulu xərçəngin növünə, yayılma dərəcəsinə və xəstənin ümumi sağlamlıq vəziyyətinə uyğun olaraq müəyyən edilir. Ən geniş istifadə olunan üsul dərmanın damar daxilinə yeridilməsidir. Bununla yanaşı, ağız yolu ilə qəbul edilən preparatlar, əzələdaxili inyeksiyalar və bəzi hallarda birbaşa xəstə nahiyəyə tətbiq olunan müalicə üsulları da mövcuddur.

Kimyaterapiyanın əsas tətbiq formaları aşağıdakılardır:

  • İntravenoz (IV) kimyaterapiya: Bu üsulda dərman damar yolu ilə orqanizmə yeridilir və qan dövranı vasitəsilə bütün bədənə yayılır. Kimyaterapiyanın ən çox istifadə edilən formasıdır.
  • Ağız yolu ilə kimyaterapiya: Müalicə həblər, kapsullar və ya maye preparatlar şəklində həyata keçirilir. Xəstə dərmanları ev şəraitində qəbul edə bilər. Müalicənin effektivliyi üçün həkimin təyin etdiyi dozada və qəbul qrafikinə dəqiq əməl olunması vacibdir.
  • İnyeksiya yolu ilə kimyaterapiya: Bu üsulda preparat əzələ daxilinə və ya dərialtı toxumaya yeridilir. Tətbiqi qısa vaxt aparır və bəzi xərçəng növlərində üstünlük verilən müalicə variantlarından biridir.
  • İntraarterial kimyaterapiya: Dərman birbaşa şişi qidalandıran arteriyaya yeridilir. Bu yanaşma preparatın şiş nahiyəsində daha yüksək konsentrasiyada təsir göstərməsinə imkan verir və sağlam toxumaların zədələnmə riskini azalda bilər.
  • Hipertermik İntraperitoneal kimyaterapiya: Mədə-bağırsaq mənşəli bəzi xərçəng növlərində dərman birbaşa qarın boşluğuna tətbiq olunur. Bu üsul müalicənin həmin bölgədə yerləşən xərçəng hüceyrələrinə daha hədəfli şəkildə çatmasına şərait yaradır.
  • Topikal kimyaterapiya: Dəri xərçəngi kimi səthi yerləşən şişlərin müalicəsində istifadə olunur. Bu zaman dərman krem və ya məlhəm formasında birbaşa zədələnmiş dəri sahəsinə çəkilir.

Kimyaterapiya Neçə Müddət Davam Edir?

Kimyaterapiyanın müddəti hər xəstə üçün fərdi olaraq müəyyən edilir. Müalicə adətən müəyyən aralıqlarla təkrarlanan mərhələlər şəklində həyata keçirilir. Hər mərhələ zamanı kimyoterapiya tətbiq olunur, daha sonra isə orqanizmin bərpası üçün istirahət müddəti verilir. Bu proses bir neçə ay, bəzi hallarda isə daha uzun müddət davam edə bilər.

Kimyaterapiyanın davametmə müddətinə təsir edən əsas amillər bunlardır:

  • Xərçəngin növü
  • Şişin yerləşdiyi nahiyə
  • Terapiyanın tətbiq məqsədi
  • İstifadə olunan kimyaterapiya protokolu
  • Orqanizmin müalicəyə verdiyi reaksiya

Hər müalicə mərhələsindən sonra verilən istirahət dövrü orqanizmin bərpasına, sağlam hüceyrələrin yenilənməsinə və növbəti müalicə mərhələsinə hazırlanmasına kömək edir. Bu yanaşma həm müalicənin effektivliyini artırmağa, həm də yan təsirlərin daha yaxşı idarə olunmasına imkan yaradır.

 

 

Kimyaterapiya Dərmanları Hansılardır?

Xərçəngin kimyaterapiya ilə müalicəsində istifadə olunan müxtəlif dərmanlar mövcuddur. Bu preparatların əsas məqsədi xərçəng hüceyrələrinin böyüməsini və çoxalmasını dayandırmaqdır. Kimyaterapiya dərmanları hüceyrələrə təsir göstərərək fəaliyyət göstərsə də, onların hamısı eyni mexanizmlə işləmir. Hər bir preparat hüceyrə dövrünün fərqli mərhələlərində təsir göstərir və müxtəlif bioloji prosesləri hədəf alır.

Kimyoterapiya preparatları adətən təsir mexanizmlərinə və hüceyrə daxilində fəaliyyət göstərdikləri sahələrə görə qruplaşdırılır. Əsas dərman qrupları bunlardır:

  • Alkilləşdirici maddələr
  • Antimetabolitlər
  • Şiş əleyhinə antibiotiklər
  • Topoizomeraza inhibitorları
  • Mitotik inhibitorlar
  • Bitki alkaloidləri

Bəzi hallarda tibbi onkoloqlar daha effektiv nəticə əldə etmək üçün müxtəlif təsir mexanizmlərinə malik preparatları birgə tətbiq edirlər. Kombinə olunmuş kimya terapiya yanaşması xərçəng hüceyrələrinə bir neçə istiqamətdən təsir göstərərək müalicənin effektivliyini artırmağa və xəstənin müalicədən daha çox fayda görməsinə kömək edə bilər.

 

Kimyaterapiyanın Yan Təsirləri Nələrdir?

Kimyaterapiya sürətlə bölünən xərçəng hüceyrələrini hədəf alsa da, bəzi sağlam hüceyrələrə də təsir göstərə bilər. Bu səbəbdən müalicə zamanı müxtəlif yan təsirlər yarana bilər. Yan təsirlərin növü və şiddəti istifadə olunan preparatlardan, müalicə müddətindən və xəstənin ümumi sağlamlıq vəziyyətindən asılı olaraq dəyişir.

Kimyaterapiya zamanı ən çox rast gəlinən yan təsirlər bunlardır:

  • Ürəkbulanma
  • Qusma
  • İshal
  • Saç tökülməsi
  • İştahanın azalması
  • Yorğunluq və halsızlıq
  • Hərarətin yüksəlməsi
  • Ağız boşluğunda yaraların əmələ gəlməsi
  • Ağrı
  • Qəbizlik
  • Qanaxmalar

Bu yan təsirlərin əksəriyyəti müasir dəstək müalicələri ilə nəzarət altına alına və ya aradan qaldırıla bilər. Bir çox hallarda yan təsirlər kimyoterapiya başa çatdıqdan sonra tədricən azalır və ya tamamilə yox olur. Müalicə prosesində tibbi onkoloq xəstəni həm gözlənilən, həm də nadir hallarda rast gəlinə bilən yan təsirlər barədə məlumatlandırır və onların idarə olunması üçün müvafiq tövsiyələr verir.

 

Kimyaterapiyadan Sonra Diqqət Olunmalı Məqamlar

Kimyaterapiya orqanizmə təsir göstərən və müəyyən yan təsirlərə səbəb ola bilən müalicə üsuludur. Müalicədən sonra infeksiya, qanaxma və dəri problemləri ilə qarşılaşma riski müəyyən qədər arta bilər. Buna görə də bərpa dövründə sağlamlığın qorunması və orqanizmin gücləndirilməsi üçün bəzi vacib məqamlara diqqət yetirilməlidir.

Kimyaterapiyadan sonra tövsiyə olunan əsas qaydalar bunlardır:

  • İştaha azalsa belə, orqanizmin ehtiyac duyduğu qida və mayelərin qəbuluna diqqət yetirilməlidir.
  • Ağız boşluğunun gigiyenası xüsusi əhəmiyyət daşıyır. Kimyoterapiya nəticəsində yaranan yaralar infeksiya riskini artıra bildiyi üçün dişlərin müntəzəm fırçalanması, diş sapından istifadə edilməsi və həkimin tövsiyə etdiyi dərmanların tətbiqi çox vacibdir.
  • Ağız sağlamlığını qorumaq məqsədilə şəkərli qida və içkilərin qəbulunu məhdudlaşdırmaq faydalı ola bilər.
  • İnfeksiyalardan qorunmaq üçün şəxsi gigiyena qaydalarına ciddi əməl edilməlidir. Əllərin mütəmadi olaraq sabun ilə yuyulması mühüm əhəmiyyət daşıyır.
  • Həkimin tövsiyəsinə uyğun olaraq yüngül fiziki aktivlik, xüsusilə müntəzəm gəzintilər ümumi sağlamlıq vəziyyətinin yaxşılaşmasına kömək edə bilər.
  • Siqaret istifadəsindən uzaq durmaq ümumi sağlamlığın qorunmasına müsbət təsir göstərir.
  • Həkim tərəfindən təyin olunan müayinələrə vaxtında gəlmək çox vacibdir.

Kimyaterapiya sonrası dövrdə yaranan hər hansı sual və ya narahatlıqla bağlı tibbi onkoloqa müraciət etmək tövsiyə olunur. Həkim sizin vəziyyətinizə uyğun fərdi tövsiyələr verərək müalicə və bərpa prosesinin daha rahat keçməsinə kömək edə bilər.

* Bu məzmunun yaradılmasında Liv Hospital Redaksiya Heyəti Bu məzmunun nəşrinə öz töhfəsini vermişdir .
* Bu səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün həkiminizlə məsləhətləşin. Bu səhifənin məzmununa Liv Hospitalda tibbi sağlamlıq xidməti haqqında məlumat daxil deyil .
tag Icon
kimyaterapiya
ximya
onkoloji xəstəliklər
Mütəxəssislərimizdən soruşun!
Bütün Xəstəxanalar
Chevron Down

Versiya Tarixçəsi
Cari versiya
25 iyun 2026 09:42:09
Liv Hospital Redaksiya Heyəti
Səhifənin linki uğurla kopyalandı!