Meningit Xəstəliyi
Son yeniləmə tarixi: 04.07.2026 09:21:36
.webp)
Meningit Nədir?
Meningit beyin və onurğa beynini əhatə edən, onları qoruyan meninks qişasının iltihabıdır. Meninks beyin və onurğa beyninin qorunmasında, həmçinin onlara struktur dəstəyi göstərilməsində mühüm rol oynadığı üçün bu nahiyədə yaranan infeksiya ciddi, hətta həyati təhlükə yarada bilər.
Meningit qəfil başlayan, kəskin gedişatlı infeksion xəstəlikdir. Vaxtında müalicə olunmadıqda beyin toxumasına və sinir hüceyrələrinə zərər verə bildiyi üçün təxirəsalınmaz tibbi müdaxilə tələb edir. Ağır hallarda müalicəsiz qalan meningit çox qısa müddət ərzində sürətlə irəliləyərək saatlar içində ölümə səbəb ola bilər. Buna görə də körpəlik dövründən etibarən meningitdən qorunmaq üçün zəruri profilaktik tədbirlərin görülməsi həyati əhəmiyyət daşıyır.
Meningit Xəstəliyi Necə Yaranır?
Meningit xəstəliyinə bakteriyalar, viruslar və ya göbələklər səbəb ola bilər. Meningitin yaranmasına gətirib çıxaran əsas amillər bunlardır:
Pnevmokok infeksiyası: Pnevmokok bakteriyası daha çox pnevmoniya (ağciyər iltihabı), orta qulaq iltihabı (otit) və ya sinusit kimi infeksiyalar fonunda meningitin inkişafına səbəb ola bilər.
- Meningokok infeksiyası: Meningokok bakteriyası yuxarı tənəffüs yollarının infeksiyasından sonra qan dövranına keçərək beyin qişalarına yayılaraq xəstəliyi törədə bilər. Bu infeksiyaya daha çox körpələrdə, eləcə də hərbi kazarmalar, tələbə yataqxanaları və internatlar kimi insanların sıx yaşadığı məkanlarda rast gəlinir.
- Listeriya infeksiyası: Listeriya bakteriyası əsasən pasterizə olunmamış süd və süd məhsulları, eləcə də çiy və ya kifayət qədər bişirilməmiş ət vasitəsilə yoluxur. Xüsusilə immuniteti zəif olan insanlarda meningitin inkişafına səbəb ola bilər.
- Stafilokok infeksiyası: Stafilokok bakteriyası normal şəraitdə dəri və burun boşluğunun təbii mikroflorasının bir hissəsidir. Lakin travmalar və ya cərrahi müdaxilələr zamanı infeksiyadan qorunma qaydalarına əməl edilmədikdə qan dövranına keçərək meningitə səbəb ola bilər.
- Göbələklər: Göbələk mənşəli meningit nadir hallarda rast gəlinir. Uzunmüddətli antibiotik istifadəsi və ya immunitetin ciddi zəiflədiyi vəziyyətlərdə göbələk sporları tənəffüs yolu və ya dəri vasitəsilə orqanizmə daxil olaraq meningit yarada bilər.
- Parazitlər: Parazitar meningit əsasən heyvan mənşəli parazitlərlə əlaqədar inkişaf edir. Az bişmiş ətin qəbulu və ya natəmiz qida məhsullarının istehlakı nəticəsində parazitlərin orqanizmə daxil olması xəstəliyin yaranmasına səbəb ola bilər.
Meningitin Əlamətləri Hansılardır?
Meningit adətən qəfil başlayır və əlamətləri qısa müddət ərzində özünü göstərir. Xəstəliyin ən çox rast gəlinən əlamətləri bunlardır:
- Şiddətli baş ağrısı: Meningitin ən xarakterik əlamətlərindən biridir. Baş ağrısı zaman keçdikcə daha da güclənə bilər.
- Yüksək hərarət: Bu xəstəlik zamanı bədən hərarəti adətən 38 dərəcədən daha yüksək olur.
- Boyun tutulması: Beyin qişalarının iltihabı nəticəsində boynu hərəkət etdirmək çətinləşə, ənsə nahiyəsində ağrı və sərtlik yarana bilər.
- İşığa həssaslıq (fotofobiya): Meningitdən əziyyət çəkən şəxslər işığa qarşı həssas olur, parlaq işıq altında narahatlıq və ya göz ağrısı hiss edə bilərlər.
- Ürəkbulanma və qusma: Bu əlamətlər əksər hallarda şiddətli baş ağrısı ilə birlikdə müşahidə olunur.
- Halsızlıq və iştahasızlıq: Xəstələrdə ümumi zəiflik, enerji itkisi və iştahanın azalması tez-tez rast gəlinən əlamətlərdəndir.
- Dəri səpgiləri: Xüsusilə meningokok mənşəli meningit zamanı təzyiq göstərildikdə solmayan, bənövşəyi rəngli xarakterik səpgilər əmələ gələ bilər.
- Şüur bulanıqlığı: Ağır meningit hallarında diqqətin azalması və şüurun bulanıqlaşması müşahidə oluna bilər. Daha ağır vəziyyətlərdə isə insan huşunu itirərək komaya da düşə bilər.
.webp)
Meningit Xəstəliyinin Diaqnozu Necə Qoyulur?
Meningitin diaqnozu ilk növbədə həkimin xəstənin şikayətlərini dinləməsi və klinik müayinəsi əsasında qoyulur. Müayinə zamanı boyun və ənsə nahiyəsinin hərəkətliliyi, ənsə sərtliyi, eləcə də işığa həssaslıq bu xəstəlik üçün xarakterik əlamətlər qiymətləndirilir.
Əgər müayinə nəticələri meningit ehtimalını göstərirsə, diaqnozun dəqiqləşdirilməsi üçün laborator və instrumental müayinələr təyin olunur. Bunlara qan analizləri, onurğa beyni mayesinin müayinəsi, həmçinin görüntüləmə üsulları daxildir.
Qan analizləri zamanı C-reaktiv zülal (CRP) kimi iltihab göstəriciləri, ağ qan hüceyrələrinin (leykositlərin) sayı və infeksiyanın növü, eləcə də şiddəti barədə məlumat verən digər laborator göstəricilər qiymətləndirilir.
Onurğa beynin mayesinin müayinəsi meningitin diaqnostikasında əsas üsullardan biridir. Bu müayinə infeksiyanın mövcudluğunu təsdiqləməyə, həmçinin xəstəliyə səbəb olan bakteriya və ya virusun müəyyən edilməsinə imkan verir. Maye nümunəsi adətən yerli keyitmə altında bel nahiyəsindən xüsusi iynə vasitəsilə götürülür. Bu prosedur tibbdə lümbal punksiya adlanır.
Zərurət yarandıqda həkim beyin və onurğa beyninin vəziyyətini daha ətraflı qiymətləndirmək üçün maqnit-rezonans tomoqrafiyası (MRT) və ya kompüter tomoqrafiyası (KT) kimi görüntüləmə üsullarından da istifadə edə bilər.
Meningitin Müalicə Metodları
Meningitin müalicəsində ən vacib mərhələ infeksiyaya səbəb olan törədicilərin müəyyən edilməsidir. Səbəb dəqiqləşdirildikdən sonra həkim xəstəliyin növünə uyğun müalicə planı hazırlayır.
Meningitin müalicəsində tətbiq olunan əsas üsullar bunlardır:
- Antibiotik və antiviral müalicə: Meningit bakterial mənşəlidirsə, antibiotik müalicəsinə dərhal başlanılır. Virus mənşəli meningitlərin əksəriyyəti isə spesifik müalicə tələb etmədən sağala bilər. Lakin bu, xəstəyə heç bir müalicənin aparılmaması demək deyil. Belə hallarda simptomların yüngülləşdirilməsinə yönəlmiş dəstəkləyici müalicə tətbiq olunur. Bəzi virus infeksiyalarında isə həkimin qərarına əsasən antiviral preparatlardan istifadə oluna bilər.
- Simptomatik müalicə: Yüksək hərarət, baş ağrısı, ürəkbulanma və digər narahatlıq yaradan əlamətlərin aradan qaldırılması üçün qızdırmasalıcı, ağrıkəsici və ürəkbulanma əleyhinə dərmanlardan istifadə edilə bilər.
- Xəstəxanada müalicə: Bəzi meningit halları ağır gedişli olduğundan xəstənin xəstəxanaya yerləşdirilməsi, bəzən isə reanimasiya və intensiv terapiya şöbəsində müalicəsi tələb oluna bilər. Xəstə ambulator və ya stasionar müalicə almasından asılı olmayaraq, vəziyyəti mütəmadi izlənilməli, ümumi qulluq göstərilməli və immunitetinin dəstəklənməsinə diqqət yetirilməlidir.
- İzolyasiya tədbirləri: Yoluxucu meningit hallarında xəstə ilə yaxın təmasda olan şəxslərin də tibbi müayinədən keçirilməsi vacibdir. Zərurət olduqda infeksiyanın yayılmasının qarşısını almaq məqsədilə xəstə müəyyən izolyasiya qaydalarına əməl etməlidir.