Backrgound Image
Home Icon
Arrow
Arrow
Ürəkdə Stent Əməliyyatı

Ürəkdə Stent Əməliyyatı

Calendar Icon
22 may 2026
Məqalənin məzmunu
  • Ürək Stenti Nədir?
  • Ürəyə Stent Niyə Qoyulur?
  • Ürəyə Qoyulan Stentin Növləri
  • Ürəyə Hansı Xəstəliklər Zamanı Stent Taxılır?
  • Ürəkdə Stent Əməliyyatından Sonra Nələrə Diqqət Etmək Lazımdır?
Copy Icon
Twitter Icon
Facebook Icon
Lınkedin Icon

Ürək Stenti Nədir?

Stent daralmış və ya tutulmuş damarların açıq qalmasını təmin etmək üçün damar daxilinə yerləşdirilən kiçik, torvari quruluşa malik metal və ya plastik borucuqdur. Ən çox ürək damarlarında (koronar arteriyalarda) yaranan daralma və tıxanmaların aradan qaldırılması məqsədilə aparılan angioqrafiya prosedurları zamanı istifadə olunur.

Stent damar daxilinə yerləşdirildikdən sonra genişləndirilir və damar divarını açıq saxlayaraq qanın normal axınını bərpa edir. Bunun sayəsində infarkt riski azalır, stenokardiya kimi şikayətlər yüngülləşir.

 

Ürəyə Stent Niyə Qoyulur?

Stent damar daxilində yaranan daralma və ya tıxanmanı aradan qaldırmaq, qanın normal dövranını bərpa etmək məqsədilə tətbiq olunur. Ən çox ürək damarlarında və digər əsas damarlarda istifadə edilir. Ürəyə stentin yerləşdirilməsinin əsas səbəbləri bunlardır:

1. Koronar arteriya xəstəliyi

  • Tıxanmış damarlar: Koronar arteriyalarda yaranan tıxanmalar ürək əzələsinə kifayət qədər oksigenlə zəngin qanın çatmasının qarşısını alır. Bu vəziyyət sinə ağrısı (stenokardiya), hətta infarktla nəticələnə bilər. Stent tıxanmış hissəni açaraq qan axınının bərpasına kömək edir.
  • Güclü stenokardiya: Ürək əzələsinə qan axını azaldıqda sinə ağrısı meydana çıxır. Stent tətbiqi ağrıların azalmasına və pasiyentin həyat keyfiyyətinin yaxşılaşmasına kömək edə bilər.

2. İnfarkt riskinin azaldılması

  • Ürək tutmasına səbəb ola biləcək ciddi damar daralmaları, xüsusilə damar mənfəzinin 70%-dən çox tutulduğu hallarda stent taxılması zəruri ola bilər. Bu prosedur qan dövranını normallaşdıraraq infarkt riskini azaltmağa kömək edir.

3. Tıxanmış damarların açılması

  • Ateroskleroz (damar sərtliyi): Damar divarında yığılan piy və xolesterin lövhəcikləri damarların daralmasına səbəb olur. Nəticədə qan axını çətinləşir. Stent vasitəsilə daralmış hissə genişləndirilərək qanın daha rahat hərəkəti təmin edilir.

4. Yüksək riskli hallar

  • Şəkərli diabet, yüksək arterial təzyiq və yüksək xolesterin kimi hallar damarların daralması və tıxanması riskini artırır. Belə pasiyentlərdə ürək-damar ağırlaşmalarının qarşısını almaq üçün stent tətbiq oluna bilər.

5. By-pass əməliyyatı əvəzinə daha ideal variant

  • Bəzi hallarda açıq ürək əməliyyatı ilə aparılan şuntlama proseduru əvəzinə stent taxılması üstün tutulur. Çünki bu üsul minimal invaziv hesab olunur və sağalma müddəti daha qısa olur.

6. Damarın yenidən tutulmasının qarşısını almaq

  • Stentlər bəzi hallarda damarın təkrar daralma və ya tıxanma riskini azaltmaq üçün istifadə edilir. Xüsusilə dərmanlı stentlər damar divarına xüsusi maddələr ifraz edərək yenidən daralma ehtimalını minimuma endirməyə kömək edir.

 

Ürəyə Qoyulan Stentin Növləri

Stentlər əsasən iki əsas qrupa bölünür:

1. Dərmansız stentlər (BMS)

Bu stentlər yalnız metal tor quruluşundan ibarət olur, adətən paslanmayan polad və ya kobalt-xrom ərintisindən hazırlanır. Onların əsas funksiyası damarı mexaniki şəkildə açıq saxlamaqdır.

Dərmansız stentlərdə damarın yenidən daralma riski dərmanlı stentlərlə müqayisədə daha yüksək olur. Buna görə də daha çox geniş diametrli damarlarda və qısa seqmentli daralmalarda istifadə edilir.

Bu növ stent taxılan pasiyentlərdə qan durulaşdırıcı preparatların istifadəsi adətən daha qısa müddət davam edir. Eyni zamanda, onların qiyməti dərmanlı stentlərlə müqayisədə daha münasibdir.

2. Dərmanlı stentlər (DES)

Dərmanlı stentlər metal karkas üzərinə xüsusi polimer təbəqə çəkilərək hazırlanır. Bu təbəqənin daxilində damarın yenidən daralmasının qarşısını alan preparatlar məsələn, sirolimus, paklitaksel və onların törəmələri yerləşdirilir.

Stent damar daxilinə yerləşdirildikdən sonra həmin preparatlar tədricən sərbəst buraxılır. Bu proses damar divarında hüceyrələrin həddindən artıq çoxalmasının qarşısını alır və nəticədə damarın təkrar tıxanma ehtimalını azaldır.

Dərmanlı stentlərdə restenoz riski dərmansızlarla müqayisədə xeyli aşağıdır. Buna görə də xüsusilə nazik damarlarda, uzunmüddətli daralmalarda və şəkərli diabeti olan pasiyentlərdə daha çox üstünlük verilir.

Bu stentlər tətbiq edilən şəxslər adətən daha uzun müddət, təxminən 6 aydan 1 ilə qədər və ya daha artıq qan durulaşdırıcı dərman qəbul etməlidirlər. Dərmanlı stentlərin qiyməti isə nisbətən daha yüksək olur.

 

 

Ürəyə Hansı Xəstəliklər Zamanı Stent Taxılır?

Stentlər ən çox ürək-damar xəstəliklərində tətbiq olunsa da, tibbin müxtəlif sahələrində də geniş istifadə edilir.

  • Koronar arteriya xəstəliyi: Ürəyi qidalandıran damarlarda yaranan daralma və tıxanmaların müalicəsində stend ən geniş istifadə olunan üsullardan biridir. Anju zamanı daralmış hissəyə yerləşdirilən stent damarın açıq qalmasını təmin edir. Bu, stenokardiya kimi sinə ağrılarının azalmasına və infarkt riskinin aşağı düşməsinə kömək edir.
  • Miokard infarktı (ürək tutması): İnfarkt zamanı koronar arteriyanın qəfil tutulması həyati təhlükə yaradır. Belə hallarda təcili stent tətbiqi qan dövranını sürətlə bərpa edərək ürək əzələsinin zədələnməsini minimuma endirməyə kömək edə bilər.
  • Periferik arteriya xəstəliyi: Ayaq, qol və digər orqanlara qan aparan arteriyalarda yaranan daralma və ya tıxanıqlığın müalicəsində də stentdən istifadə olunur. Bu prosedur yerimə zamanı ağrı, ayaqlarda zəiflik kimi şikayətlərin azalmasına və ağır hallarda ətraf itkisi riskinin qarşısının alınmasına kömək edir.
  • Karotid arteriya xəstəliyi: Beyinə qan daşıyan yuxu arteriyalarında yaranan daralmalarda insult riskini azaltmaq məqsədilə stent tətbiq edilə bilər.
  • Renovaskulyar böyrək arteriya xəstəlik: Böyrəklərə qan aparan damarlardakı daralmalar arterial təzyiqin yüksəlməsinə və böyrək funksiyalarının pozulmasına səbəb ola bilər. Bu hallarda qan axınının bərpası üçün stent istifadə olunur.
  • Öd yollarının tutulması: Öd kisəsi və ya qaraciyərdən bağırsağa öd daşıyan kanallarda daş, şiş və ya digər səbəblərlə yaranan tıxanmaların aradan qaldırılması üçün stentlərdən istifadə edilə bilər. Bu, öd axınının bərpasına kömək edir.
  • Sidik sistemi tıxanmaları: Böyrəklərdən sidik kisəsinə sidik daşıyan uretrada daş, şiş və ya daralma nəticəsində yaranan tıxanmaların müalicəsində stent tətbiq oluna bilər. Bunlar əksər hallarda müvəqqəti olur.
  • Tənəffüs yollarının tutulması: Bronxlarda şiş, daralma və ya yad cismin yaratdığı tıxanmalar zamanı nəfəsalma çətinliyini azaltmaq üçün stent istifadə edilə bilər.

 

Ürəkdə Stent Əməliyyatından Sonra Nələrə Diqqət Etmək Lazımdır?

Stent yerləşdirildikdən sonra sağalma prosesinin problemsiz keçməsi üçün bəzi qaydalara əməl etmək vacibdir. Bu tövsiyələr mümkün ağırlaşmaların qarşısını almağa və bərpa müddətini sürətləndirməyə kömək edir.

Dərmanların düzgün qəbulu

  • Qan durulaşdırıcı preparatlar: Stent tətbiqindən sonra həkimin təyin etdiyi qan durulaşdırıcı dərmanların müntəzəm qəbulu vacibdir. Bu preparatlar tromb yaranmasının qarşısını alır və damarın yenidən tutulma riskini azaldır.
  • Digər dərmanlar: Bəzi hallarda xolesterini azaldan və arterial təzyiqi tənzimləyən preparatlar da təyin oluna bilər. Dərmanlar yalnız həkim göstərişinə uyğun şəkildə qəbul edilməlidir.

Fiziki aktivlik və istirahət

  • İlk günlərdə istirahət: Əməliyyatdan sonrakı ilk 1-2 gün ərzində ağır fiziki fəaliyyət məsləhət görülmür. Orqanizmin bərpası üçün kifayət qədər dincəlmək vacibdir.
  • Yüngül fiziki hərəkətlər: Həkimin icazəsindən sonra yüngül gəzinti və sadə məşqlərə tədricən başlamaq mümkündür. Lakin ağır yük qaldırmaq və intensiv idmandan uzaq durmaq lazımdır.

Müntəzəm həkim nəzarəti

  • Nəzarət müayinələri: Stent taxıldıqdan sonra planlı həkim müayinələrinə vaxtında getmək vacibdir. Bu müayinələr zamanı damarların vəziyyəti, istifadə olunan dərmanların təsiri və sağalma prosesi qiymətləndirilir.
  • Əlavə müayinələr: Lazım gəldikdə damarların yenidən daralma ehtimalını yoxlamaq üçün angioqrafiya və digər diaqnostik testlər aparıla bilər.

Qidalanma və həyat tərzi

  • Sağlam qidalanma: Yağlı, duzlu və yüksək xolesterinli qidaların istifadəsi məhdudlaşdırılmalıdır. Tərəvəz, meyvə, tam taxıl məhsulları və az yağlı qidalar ürək-damar sağlamlığının qorunmasına kömək edir.
  • Siqaretdən imtina: Siqaret damarların daralmasına səbəb olur və ürək-damar xəstəliklərinin gedişini ağırlaşdıra bilər. Buna görə stentdən sonra siqareti tərgitmək sağalma prosesinə müsbət təsir göstərir.

Ürək damar sistemini daima nəzarətdə saxlanılması

  • Qanaxma və infeksiya əlamətləri: Prosedurun aparıldığı nahiyədə qanaxma, şişkinlik, qızartı və ya infeksiya əlamətləri müşahidə olunarsa, dərhal həkimə müraciət edilməlidir.
  • Ağrı və narahatlıq: Müdaxilə olunan sahədə yüngül ağrı və ya narahatlıq normal hesab oluna bilər. Lakin güclü ağrı, istilik artımı və ya davamlı qanaxma yaranarsa, bu barədə həkim məlumatlandırılmalıdır.

Yavaş sağalma prosesi

  • Stent yerləşdirildikdən sonra damarların tam bərpası müəyyən müddət davam edə bilər. Bu dövrdə həkim tövsiyələrinə riayət etmək və səbirli olmaq uğurlu nəticə üçün böyük əhəmiyyət daşıyır.
* Bu məzmunun yaradılmasında Liv Hospital Redaksiya Heyəti Bu məzmunun nəşrinə öz töhfəsini vermişdir .
* Bu səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün həkiminizlə məsləhətləşin. Bu səhifənin məzmununa Liv Hospitalda tibbi sağlamlıq xidməti haqqında məlumat daxil deyil .
tag Icon
ürək xəstəlikləri
ürək damar cərrahiyyəsi
ürək stenti
Mütəxəssislərimizdən soruşun!
Bütün Xəstəxanalar
Chevron Down

Versiya Tarixçəsi
Cari versiya
22 may 2026 09:15:19
Liv Hospital Redaksiya Heyəti
Səhifənin linki uğurla kopyalandı!