Ürək çatışmazlığı nədir və niyə baş verir? Loru dildə desək ürək bədənimizin mühərrikidir. Amma bu mühərrik düzgün işləmədikdə, ürək çatışmazlığı kimi ciddi problemlər yarana bilər. Ürək çatışmazlığı ürəyin orqanizmin ehtiyac duyduğu qədər qan pompalaya bilməməsi vəziyyətidir. Bu zaman orqanlara kifayət qədər oksigen getmir, nəticədə müxtəlif sağlamlıq problemləri ortaya çıxır. Əsasən yüksək təzyiq, ürək damarlarının daralması və ya infarkt keçirmək bu vəziyyətin yaranmasına səbəb ola bilər.
Ürək çatışmazlığı əlamətləri
Ürək çatışmazlığı əlamətləri hansılardır? Ürək çatışmazlığı adətən yavaş-yavaş inkişaf edir və simptomlar zamanla daha qabarıq hiss olunur. Aşağıdakı əlamətləri hiss edirsənsə, diqqətli olmalısan:
- Sürətli yorğunluq və gücsüzlük
- Nəfəs darlığı, xüsusilə uzananda
- Ayaq və topuq nahiyəsində şişkinlik
- Çarpıntı və ya nizamsız ürək döyüntüsü
- Quru və davamlı öskürək
Gün ərzində az hərəkət etmənə baxmayaraq, həddindən artıq yorğun hiss edirsənsə, bu ürək fəaliyyətinin zəiflədiyini göstərə bilər. Ürək zəiflədikdə ağciyərlərdə maye yığılması baş verə bilir ki, bu da nəfəs darlığına səbəb olur. Ürək qan dövranını lazımi səviyyədə təmin edə bilmədikdə bədəndə maye toplanır və xüsusilə ayaqlarda şişkinlik yaranır. Bundan əlavə ürək çatışmazlığı zamanı ürək normadan sürətli və ya nizamsız döyünə bilər. Bu əlamətləri ciddi qəbul etməli və vaxtında həkimə müraciət etməlisən. Unutma ki, erkən diaqnoz həyat keyfiyyətini artırır.
Ürək çatışmazlığının müalicəsi
Ürək çatışmazlığının müalicəsində əsas məqsəd ürəyin yükünü azaltmaq, qan dövranını yaxşılaşdırmaq və simptomları nəzarət altında saxlamaqdır. Bunun üçün bir neçə üsul var:
- Ürək ritmini tənzimləyən, təzyiqi normallaşdıran və bədəndə maye yığılmasını azaldan dərmanlar istifadə olunur.
- Sağlam qidalanma, duzun məhdudlaşdırılması, spirt və siqaretdən uzaq durmaq ürəyə böyük fayda verə bilər.
- Ağır məşqlər tövsiyə olunmasa da, həkimin məsləhəti ilə yüngül yürüşlər və nəfəs məşqləri faydalıdır.
Daimi müalicə və düzgün həyat tərzi ürək çatışmazlığının təsirlərini azaltmağa kömək edir. Bona Dea Hospitalında çalışan peşəkar həkimlər sizin üçün fərdi yanaşma üsulları təklif edərək, doğru müalicə üsulunu asanlıqla təyin edəcəklər.
Xroniki ürək çatışmazlığının müalicəsi
Xroniki ürək çatışmazlığı uzun müddət ərzində inkişaf edir və daim nəzarət tələb edir. Bu vəziyyətdə əsas məqsəd ürəyin yükünü artırmadan onun funksiyalarını maksimum səviyyədə qorumaqdır. Müalicə üsulları fərqli ola bilər, ancaq hər bir metod fərdi təyin edilir:
✔ Daimi dərman qəbulu və mütəmadi həkim nəzarəti
✔ Təzyiq və qan şəkərinin balansda saxlanılması
✔ Sağlam qidalanma və duz istifadəsinin azaldılması
Xroniki ürək çatışmazlığı uzunmüddətli müalicə tələb etdiyi üçün, həkimin yazdığı dərmanları düzgün qəbul etmək çox vacibdir. Qan təzyiqinin və şəkər səviyyəsinin stabil qalması ürəyə əlavə yük düşməsinin qarşısını alır. Duz, bədəndə suyun tutulmasına səbəb olaraq ürəyə daha çox yük düşməsinə gətirib çıxarır. Unutmayın ki, düzgün yanaşma ilə xroniki ürək çatışmazlığının təsirlərini minimuma endirmək mümkündür.
Kəskin ürək çatışmazlığı sindromu
Bəzən ürək çatışmazlığı qəfil ağırlaşır və kəskin ürək-damar çatışmazlığı vəziyyəti yaranır. Bu, ciddi təhlükə yarada bilər və dərhal tibbi müdaxilə tələb edir. Birdən-birə nəfəs almaqda çətinlik və ya sıxıcı sinə ağrısı yaranırsa, bu, sizin üçün ciddi bir xəbərdarlıqdır. Əsas simptomlar bunlardır:
- Kəskin nəfəs darlığı və sinə ağrısı
- Qan təzyiqinin sürətlə düşməsi və ya qalxması
- Huç itirmə və ya həddindən artıq tərləmə
Kəskin ürək çatışmazlığı zamanı təzyiqdə qəfil dəyişikliklər, başgicəllənmə və huşun itirilməsi müşahidə edilə bilər. Bundan əlavə kəskin ürək çatışmazlığı zamanı bədən soyuq tər ata və insan özünü hədsiz halsız hiss edə bilir. Bu vəziyyətdə təcili tibbi yardım çağırmaq həyati əhəmiyyət daşıyır. Ürək sağlamlığını qorumaq üçün düzgün həyat tərzi seçmək və mütəmadi həkim müayinəsindən keçmək ən yaxşı addımdır.
* Bu səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün həkiminizlə məsləhətləşin. Bu səhifənin məzmununa Liv Hospitalda tibbi sağlamlıq xidməti haqqında məlumat daxil deyil .