Uşaqlarda ürək xəstəliyinin əlamətləri

Anadangəlmə ürək xəstəliklərinin müalicəsində ən vacib məqam tibbi yoxlanışlara müntəzəm qaydada gəlməkdir.

Son yeniləmə tarixi: 06.05.2025 13:39:49

 

Uşaqlarda ürək xəstəlikləri doğuşdan və ya sonradan yaranmış ola bilər. Erkən diaqnoz qoyulması müalicənin uğurlu olması üçün vacibdir. Əgər sadalanan əlamətlərdən hər hansısa biri uşağınızda  varsa, mütləq bir pediatr-kardioloqa müraciət etməlisiniz:

🔹 Tez yorulma və nəfəs darlığı 
🔹 Dəri və dodaqlarda göyərmə 
🔹 Yemək zamanı çətinlik çəkmə
🔹 Ürək döyüntüsündə anormallıq 


Uşaq az hərəkət etdikdə belə tez yorulursa və nəfəs almaqda çətinlik çəkirsə, bu ürək problemlərinin göstəricisi ola bilir. Əsasən ağlama və ya fiziki aktivlik zamanı müşahidə edilən göyərmə (siyanotik görünüş) ürəkdə oksigen çatışmazlığından xəbər verir. Xüsusilə körpələrdə tez yorulma, tər tökmə və çəki artımında gerilik müşahidə edilirsə, mütləq həkimə müraciət olunmalıdı. Çox sürətli və ya nizamsız ürək döyüntüsü müşahidə olunursa, bu, aritmiyaya işarə edə bilər. 

🫀 Ürəkdə dəlik əlamətləri

Bəzi uşaqlarda ürəkdə dəlik doğuşdan mövcud ola bilər. Kiçik dəliklər bəzən öz-özünə bağlanır, amma böyük dəliklər cərrahi müdaxilə tələb edə bilər. Ürəkdə dəlik əlamətləri hansılardır və bunu necə bilmək olar:

🔸 Tez-tez ağciyər infeksiyaları

🔸 Çəki artımında ləngimə

🔸 Həddindən artıq tərləmə

Bu sadalanan göstəricilərə diqqətlə nəzər yetirin və nəzarətdə saxlayın! Əgər mütəmadi olaraq öskürək, sətəlcəm və bronxit kimi problemlər çox rast gəlinirsə, ürəkdə dəlik ola bilər. Uşağın yaşıdlarına nisbətən zəif inkişaf etməsi ürək çatışmazlığına bağlı ola bilər. Xüsusilə yemək və ya ağlama zamanı uşaq həddindən artıq tər tökürsə, bu məqamları diqqətə almaq lazımdır.

🤰 Ana bətnində uşağın ürək döyüntüsü

Hamiləlikdə uşağın ürək döyüntüsü ana bətnində 5-6-cı həftədən etibarən formalaşır. Ana bətnində uşağın ürək döyüntüsü dəyərləri haqqında daha ətraflı məlumat verək:

✔ 6-8 həftədə: 110-170 döyüntü/dəqiqə

✔ 12-14 həftədə: 120-160 döyüntü/dəqiqə
✔ 20 həftədən sonra: 110-150 döyüntü/dəqiqə

Əgər ürək döyüntüsü normadan çox yavaş və ya sürətlidirsə, dölün sağlamlığı ilə bağlı mütləq həkim məsləhəti alınmalıdır.

Uşaqlarda ürək döyüntüsünün çox olması

Uşaqlarda ürək döyüntüsünün normadan çox olması “taxikardiya” adlanır. Bu xəstəliyin səbəbləri arasında:

✅ Qızdırma
✅ Stress və qorxu
✅ Anemiya və ya qan azlığı
✅ Ürək ritm pozğunluqları yer alır.

Ümumiyyətlə, bədən istiliyi artdıqda ürək də daha sürətli döyünür. Bundan başqa emosional gərginlik zamanı ürək döyüntüsü arta bilər. Qanın oksigen daşıma qabiliyyəti azaldıqda, ürək daha sürətli işləyir. Sadalanan bu hallar əgər tez-tez təkrarlanırsa və halsızlıq, başgicəllənmə kimi hallar müşahidə olunursa, mütləq şəkildə həkimə müraciət olunmalıdır.